DÜNYA

20 İyun

Serbiya və Macarıstan qaz ticarəti sahəsində saziş imzalayıb

Serbiya və Macarıstan qaz ticarəti üçün “Serbhungas” birgə müəssisəsinin yaradılması haqqında saziş imzalayıblar.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, “Serbhungas” birgə müəssisəsinin yaradılması haqqında sazişi “Srbiyagaz” dövlət şirkətinin direktoru Dusan Bayatoviç və Macarıstanın MVM şirkətinin baş direktoru Laslo Zoltan imzalayıblar.

Qeyd olunur ki, Serbiya hökuməti bir gün əvvəl “Serbhungas” şirkətinin Serbiya bazarında qaz ticarəti üçün qeydiyyata alınmasına ilkin razılıq verib. Serbiyanın Baş nazirinin müavini və maliyyə naziri Sinişa Mali daha əvvəl Serbiya bazarında qazın birgə ticarəti və onun xaricdən alınması üçün “Srbiyagaz” və MVM şirkətləri arasında birgə müəssisənin yaradılmasından danışıb. Hazırda Macarıstana ən böyük, Serbiyaya isə yeganə təbii qaz tədarükçüsü Rusiyanın “Qazprom” şirkətidir.

Payızda Niş-Dimitrovqrad birləşdirici qaz kəməri ilə Bolqarıstan üzərindən Yunanıstandakı terminallardan Serbiyaya və daha sonra Macarıstana mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə başlanılacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan bu ilin sonuna kimi Macarıstan və Serbiyaya da qaz tədarükünə başlamağı planlaşdırır.