DÜNYA

16 İyun

Çində işsizlik rekord həddə çatıb

Çində sənaye istehsalı və pərakəndə satış may ayında gözləniləndən aşağı olub, gənclər arasında işsizlik rekord səviyyəyə çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çinin Milli Statistika Bürosu (UIB) əsas iqtisadi göstəriciləri və işsizlik rəqəmlərini özündə əks etdirən may ayı məlumatlarını açıqlayıb.

May ayında şəhər yerlərində işsizlik nisbəti 5,2% olmaqla sabit qalıb, 16-24 yaş arası gənclər arasında isə işsizlik səviyyəsi 0,4 faiz bəndi artaraq 20,8% olub.

Ümumi işsizlik səviyyəsi sabit qalsa da, gənclər arasında işsizlik ötən ay qeydə alınan 20,4 faizlə rekord səviyyəni üstələyib.

İqtisadiyyat artım tempini saxlamaq üçün mübarizə aparır

May ayı məlumatları göstərir ki, iqtisadiyyat ötən ilin son rübündəki tənəzzüldən sonra bu ilin birinci rübündə öz artım sürətini saxlamaqda çətinlik çəkib.

Sənaye istehsalı may ayında illik müqayisədə 3,5% artaraq aprel ayındaki 5,6% artımdan geridə qalıb. 

Dövlət sənaye müəssisələrinin məhsul istehsalı 4,4 faiz, özəl sektor müəssisələrinin istehsalı isə cəmi 0,7 faiz artıb.

İstehlakın ölçüsü olaraq qəbul edilən pərakəndə satışlar may ayında illik müqayisədə 12,7% artaraq aprel ayındakı 18,4% artımdan aşağı olub. 

Ötən ilin yazında Covid-19 epidemiyası ilə əlaqədar həyata keçirilən bağlanma və karantin tədbirlərinin yaratdığı aşağı baza illik artımların yüksək görünməsinə səbəb olur.

İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri daxil olmaqla əsas kapitala investisiyalar ilk beş ayda ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artsa da, ilk 4 aydakı 4,7 faiz artımdan aşağıdır.

Zəminə Hüseyn
Fins.az