DÜNYA

07 İyun

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA), Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun hasilatın azaldılması qərarına görə, bu il və gələn il üçün Brent markalı neftin qiyməti proqnozunu yüksəldib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) "2023-cü ilin İyun ayı Hesabatı"nda qeyd edib ki, hasilatın azaldılması 2023-cü ilin sonunda və gələn ilin ilk yarısında neft qiymətlərinə yuxarı istiqamətli təzyiqi artıracaq.

Qeyd edək ki, OPEC+ qrupu gündəlik hasilat azaldılmasını gələn ilin sonuna qədər uzadıb və Səudiyyə Ərəbistanı İyul ayında gündəlik hasilatını əlavə 1 milyon barel azaldılacağını açıqlayıb.

Bu kontekstdə bu il üçün Brent markalı neftin orta barrel qiymətinin 79,54 dollar olacağı təxmin edilib. Bu rəqəm əvvəlki hesabatda 78,65 dollar olub.

West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiymətinin bu il 74,61 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki hesabatda WTI markalı neftin bir barelinin qiyməti 73,62 dollar səviyyəsində qiymətləndirilirdi.

Gələn il Brent markalı neftin bir barelinin qiymətinin 83,51 dollar, WTI markalı neftin qiymətinin isə 78,51 dollar/barel olacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az