DÜNYA

29 Mart

Aİ cinayətkarların hesab məlumatlarını paylaşacaq

Avropa Birliyinə (Aİ) üzv ölkələr mərkəzi sistem quraraq bütün Birlik ölkələrində cinayətkarların bank hesabı məlumatlarını paylaşmağa hazırlaşır.

Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Avropa İttifaqı (Aİ) Şurası cinayətin maliyyələşdirilməsi ilə mübarizənin hüquqi tənzimlənməsi ilə bağlı Avropa Parlamenti (AP) ilə aparılacaq danışıqlarla bağlı üzv ölkələrin ortaq mövqeyini müəyyən etdiyini açıqlayıb. Müvafiq olaraq, istintaqlarda, cinayət gəlirlərinin izlənməsi və müsadirə prosesində maliyyə məlumatlarına çıxış artırılacaq.

Bu çərçivədə qurulacaq mərkəzi sistem Aİ ölkələrindəki səlahiyyətlilərin cinayətlə əlaqəsi olan şəxslərin maliyyə məlumatlarına daha asan çıxışını təmin edəcək.

Aİ ölkələri mərkəzi bank hesablarının qeydlərindən məlumatları vahid giriş nöqtəsi vasitəsilə bir-biri ilə paylaşacaq. Mərkəzi bank hesablarının qeydiyyatı sistemində kimin hansı ölkədə və bankda hesabı olduğu daxil olmaqla müxtəlif məlumatlar olacaq.

Üzv dövlətlərin cinayətlərlə məşğul olan səlahiyyətli orqanları bu bank qeydlərinə tək giriş nöqtəsi vasitəsilə asanlıqla daxil ola biləcəklər. Bundan əlavə, maliyyə qurumları araşdırma çərçivəsində paylaşacaqları bank hesabatlarını uyğunlaşdıracaq.

Zəminə Hüseyn
Fins.az