Baş nazir Li Kiqiang, Çin Milli Xalq Konqresinə təqdim etdiyi büdcə layihəsində bu il ölkə iqtisadiyyatının 5%, müdafiə xərclərinin isə 7,2% artacağını bildirib. O, çip istehsalı və digər sənaye sektorlarında istehsala özəl maliyyə dəstəyinin 2 milyard dollara yaxınlaşacağını da açıqlayıb.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, baş nazir Li Kiqiang Pekində keçirilən Çin Milli Xalq Konqresinin illik yığıncağında hökumətin iş hesabatını və büdcə layihəsini Parlamentə təqdim edib.
Keçən il 12,06 milyon yeni iş yeri yaradıldığını bildirən Li, 2023-cü ildə şəhərlərdə 12 milyon yeni iş yeri yaratmaqla işsizliyi 5,5 % ətrafında saxlamağı hədəflədiklərini qeyd edib.
“Ehtiyatlı pul siyasətini davam etdirəcəyini” vəd edən Baş nazir Li inflyasiya hədəfini 3 % olaraq açıqlayıb.
Baş nazir bildirib ki, 2023-cü ildə müdafiə büdcəsi 7,2 %, xarici işlər büdcəsi 12,2 %, ictimai təhlükəsizlik xərcləri isə 6,4 % artacaq.
Zəminə Hüseyn
Fins.az