Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınmağa başlayacaq turist vergisinin tətbiqini təsdiqləyib.
Fins.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Baş Nazir Aparatının mətbuat katibinin müavini Trisuli Traisoranakun deyib.
Onun sözlərinə görə, Tailanda hava yolu ilə gələn şəxslər üçün vergi adam başına 300 baht (təxminən 8,6 dollar), dəniz və ya quru yolu ilə gələn səyahətçilər üçün isə 150 baht (təxminən 4,3 dollar) olacaq.
O, aydınlaşdırıb ki, turistlərə verginin tətbiqi bu sahədə milli siyasət haqqında qanuna uyğun olaraq edilib. Toplanan vəsait Tailandda turizmin inkişafına və əcnəbilərin ölkə daxilində səyahətləri zamanı sığortalanmasına yönəldiləcək.
Traisoranakun vurğulayıb ki, Tailand əcnəbi turistlərdən ödəniş tələb edən ilk ölkə deyil, lakin qəza və ölüm sığortası, həmçinin müalicə və xidmət üçün ödənişlərin bir hissəsini qaytaran ilk ölkə olacaq.
Onun fikrincə, bu tədbir səyahətçilər arasında Tailandda təhlükəsiz turizm imicinin formalaşmasına kömək edəcək.