Rusiyadan boru kəmərləri ilə gələn qaz bu ilin ilk 5 həftəsində Aİ-nin "mavi yanacağın" ümumi idxalının təxminən 7,5%-ni əhatə edib.
Fins.Az xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni bildirib.
“2023-cü ilin ilk beş həftəsində Rusiyadan gələn boru kəməri qazı Aİ-nin ümumi qaz idxalının təxminən 7,5%-ni təşkil edib, eyni dövrdə 2021-ci ildə orta hesabla bu rəqəm 37%-ə bərabər olub”, - Paolo Gentiloni qeyd edib.
Onun sözlərinə görə, Avropa Komissiyası (AK) cari rübün sonundan gec olmayaraq Aİ üçün "mavi yanacağın" birgə alınması mexanizmini işə salmaq niyyətindədir: "Növbəti istilik mövsümünə qədər anbarın doldurulmasına dəstək olmaq üçün cari rübün sonundan gec olmayaraq birgə satınalma alətini işə salmaq niyyətindəyik".