İtaliya bu il ərzində Rusiya qazını almaqdan imtina edə və yeni kanallar vasitəsilə təbii yanacaq tədarükçüsünə çevrilə biləcək.
“Fins.az”-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bildirib.
“Gələn ildən biz özümüz qazı başqa ölkələrə çatdıra biləcəyik və o cümlədən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kəmərinin buraxılış gücünün iki dəfə artması sayəsində tezliklə Avropada qaz mərkəzinə çevriləcəyik”, - nazir qeyd edib.
Onun sözlərinə görə, əgər 2021-ci ildə İtaliyanın qaz istehlakında Rusiyanın payı 40% təşkil edirdisə, 2022-ci ildə bu göstərici 16% səviyyəsində olub.
“Bəli, yaya gədər quraşdırılacaq Piombino və Ravennadakı iki reqazifikasiya terminalı ilə biz Rusiyadan azad olacağıq: onlar keçən il Moskvadan idxal edilən 10 mlrd. kubmetr qazı təmin edəcəklər”, - Adolfo Urso bildirib.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2021-ci il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.