Türkiyədəki zəlzələlərin böyüklüyü kosmosdan görüntülənib.
Fins.Az Trend-ə istinadən bildirir ki, ABŞ Aerokosmik Agentliyi ( NASA ) tərəfindən qeydə alınan görüntülər zəlzələdən sonra Türkiyənin Kahramanmaraş və Qaziantep kimi şəhərlərin xəritələrindəki dəyişikliyi ortaya çıxarıb .
Türkiyənin cənubunda geniş dağıntılara səbəb olan zəlzələlər çoxlu sayda insanın həyatına son qoyub. 7,8 ballıq zəlzələnin dərinliyi və sonrakı yeraltı təkanlar bölgədəki evlərə və infrastruktura ciddi ziyan vurub. NASA və digər kosmik agentliklər bu zərəri peyklərdən görüntülədilər.
Xəritə 2023-cü il fevralın 8-də radar sensoru daşıyan Yaponiyanın ALOS-2 peyki tərəfindən toplanmış məlumatlar əsasında yaradılıb.
Peykin müşahidələri zəlzələlərdən zərər çəkə biləcək əraziləri müəyyən etmək üçün 7 aprel 2021-ci il və 6 aprel 2022-ci il tarixlərindəki əvvəlki məlumatlar ilə müqayisə edilib. Fotoşəkillərə baxdıqda Türkiyənin İslahiye, Kahramanmaraş və Nurdağı bölgələrinə ciddi ziyan dəydiyi görülür.
Xəritədəki qırmızı piksellər ciddi zədələnmiş əraziləri göstərir. Narıncı və sarı piksellər müvafiq olaraq orta və qismən zədələnmiş sahələri təmsil edir. Hər pikselin ölçüsü təxminən 30 metrdir.
NASA-nın açıqlamasına görə, zərərin təsviri xəritəsi fəlakətə cavab tədbirləri üçün kritik məlumat verir. Bu, səlahiyyətlilərə və yardım təşkilatlarına işləri qaydaya salmağa və resurslardan daha səmərəli istifadə etməyə imkan verir.