ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü ildə “Brent” markalı neftin bir barelinin qiymətinin 77,57 dollar səviyyəsində olacağını proqnozlaşdırıb.
Fins.az-ın EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, “WTI” markalı xam neftin bir barelinin qiyməti isə 2024-cü ildə 71,57 dollar olacağı gözlənilir.
Bununla yanaşı, EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu 10 faiz endirib. Qurumun hesablamalarına əsasən, 2023-cü ildə “Brent” neftinin qiyməti bir barel üçün 9,26 dollar azaldılaraq 92,36 dollardan 83,1 dollara endiriləcəyi ehtimal olunur. Proqnoza əsasən, “WTI” markalı neftin ortalama qiyməti cari ildə 77,18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 9,18 dollar azdır.
Hesabatda qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100,94 dollar (öncəki proqnoz 101,48 dollar), “WTI”ın isə 94,91 dollar (öncəki proqnoz 95,22 dollar) təşkil edib.
©AZƏRTAC