Motorola şirkəti öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, Moto X40-dan gedir. Daha öncədən gözlənildiyi kimi sözügedən smartfon Qualcomm-un yeni flaqman prosessoru, yüksək təsvir yenilənməsinə sahib ekran, optik stabilizasiyalı kamera, yüksək sürətli şarj texnologiyalı batareya və sudan qorunma özəlliyini əldə edib. Beləliklə Moto X40 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunub. Ekranın kənarları bir qədər əyilmiş dizaynda reallaşdırılıb və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekranın özü Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub və o özündə barmaq izi skanı texnologiyasını birləşdirir.
Moto X40-ın gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunur. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 50 MP (117 dərəcə bucaq əhatəsi, avtofokus) + 12 MP (2 qat optik zoom) üçlü arxa kamera, 60 MP-lik ön kamera və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto X40 MyUI 5.0 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon ilk öncə Çin bazarında satışa çıxıb. Onun qlobal versiyasının nə zaman satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək. Moto X40-ın Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir:
- 8 GB RAM + 128 GB yaddaş - 488$
- 8 GB RAM + 256 GB yaddaş - 531$
- 12 GB RAM + 256 GB yaddaş - 574$
- 12 GB RAM + 512 GB yaddaş - 614$.