İspaniya “Airbus” təyyarə istehsalçısı şirkətinə dronların yaradılması proqramının hazırlanması və helikopterlərin modernləşdirilməsi proqramının maliyyələşdirilməsi üçün 2,14 milyard avro kredit verəcək.
Fins.az xəbər verir ki, bu barədə "Reuters" İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Marotoya istinadən məlumat yayıb.
Məlumata görə, İspaniya hökuməti “Airbus Defence and Space” şirkətinə – “Airbus”un müdafiə və aerokosmik məhsullar üzrə məsul bölməsinə “Avrodrone” layihəsi çərçivəsində hərbi pilotsuz təyyarələrin hazırlanması üçün 1,43 milyard avro dəyərində kredit ayıracaq. "Tiger MK III" helikopterlərinin modernləşdirilməsi proqramını maliyyələşdirmək üçün "Airbus Helicopters"ə isə 707 milyon avro veriləcək.
Bu layihələrin həyata keçirilməsi İspaniyada bir neçə min əlavə iş yerinin yaradılmasına imkan verəcək.