DÜNYA

28 Noyabr

Ərəb Valyuta Fondu Yəmənə bir milyard dollar ayırdı

Yəmən və Ərəb Valyuta Fondu (AVF) bazar günü respublikaya iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard dollar vəsaitin ayrılması haqqında saziş imzalayıb.

Məlumata görə, islahat proqramı 2022-2025-ci illər üçün nəzərdə tutulub və məqsəd maliyyə sistemini gücləndirmək, dövlət institutlarını bərpa etmək, sənaye bazasını şaxələndirmək, inklüziv iqtisadi artımı, davamlı inkişafı təşviq etmək və yeni iş yerləri yaratmaqdır.

 

İmzalanma mərasimində Yəmən tərəfini maliyyə naziri Salem Saleh bin Breyk təmsil edib. Onun mətbuat konfransında qeyd etdiyi kimi, planlaşdırılan dəyişikliklər “neft hasilatının, eləcə də qeyri-neft gəlirlərinin artırılmasına kömək edəcək ki, bu da Yəmən iqtisadiyyatına və vətəndaşlarının həyatına müsbət təsir edəcək”.

AVF-nin Direktorlar Şurasının sədri Abdurahman Abdallah əl-Hamidi, öz növbəsində, Yəməndə iqtisadi islahatların təşviqi, maliyyə və pul institutlarının bərpası üçün imzalanmış sazişin əhəmiyyətini vurğulayıb. O, islahatların “işsizliyin azaldılmasına və həyat səviyyəsinin yaxşılaşmasına” kömək edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Yəmənin islahat proqramı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan iştirak edib.

Xatırladaq ki, Ərəb Valyuta Fondu 1976-cı ildə yaradılmış regional maliyyə təşkilatıdır. Onun mühüm vəzifəsi daha çox məzənnə sabitliyinə nail olmaq, ərəb ölkələrinin iqtisadi və pul siyasətini əlaqələndirməkdir.

Mənbə: TASS