Dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan Starbucks-ın xalis mənfəəti 2021-2022-ci maliyyə ilinin sonunda (oktyabrın 2-də başa çatıb) əvvəlki ilə nisbətən 21,9% azalaraq 3,282 milyard dollara düşüb.
"Fins.az" şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, səhm üzrə mənfəət bir il əvvəl 3,54 dollar ilə müqayisədə daha aşağı - 2,83 dollar təşkil edib.
Dördüncü rübdə şirkətin xalis gəliri azalaraq 878 milyon dollar təşkil edib. Gəlir 3,3% artaraq 8,414 milyard dollar olub, proqnoz isə 8,33 milyard dollar idi.
Keçən rübdə Starbucks 763 yeni mağaza açıb, hazırda onların sayı 35 711-dir. Ümumilikdə şəbəkənin mağazalarının 61%-i ABŞ və Çinin payına düşür.
1971-ci ildə Sietldə qurulan Starbucks dünya üzrə 35 000-dən çox qəhvə mağazası şəbəkəsini idarə edir.