İnsayderlər tərəfindən verilmiş məlumata əsasən Xiaomi şirkəti Qualcomm-un 4 nanometrlik prosessoruna sahib olacaq 2 yeni smartfon üzərində çalışır. Söhbət, Xiaomi 12 Lite NE və Xiaomi 13 Lite smartfonlarından gedir. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən smartfonlar faktiki olaraq eyni smartfonlardır və onlar xarici görünüşcə Civi 2 modelindən fərqlənməyəcəklər. Beləliklə insayderlər qeyd ediblər ki, hər iki smartfon Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonların ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər və Full HD+ AMOLED paneli əsasında hazırlanacaqlar.
Bununla yanaşı smartfonların ekranları Dolby Vision və HDR10+ texnologiyalarını dəstəkləyəcəklər. Ekran ölçülərinə gəldikdə isə smartfonlar 6.55 düym ekranlarla təchiz olunacaqlar və barmaq izi skanı texnologiyası birbaşa ekranlara inteqrasiya ediləcək. İnsayderlər qeyd ediblər ki, kameralar mövzusunda da smartfonlar eyni olacaqlar. Belə ki, həm Xiaomi 12 Lite NE həm də Xiaomi 13 Lite 50 MP + 20 MP + 2 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfonlardan birində isə 100 dərəcə bucaq əhatəsinə sahib ultragenişbucaqlı obyektiv yerləşdiriləcək. Xiaomi 12 Lite NE ilə Xiaomi 13 Lite modellərinin nə zaman təqdim olunacaqları barəsində heç bir məlumat verilməyib.
© technote