DÜNYA

29 Oktyabr

Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqlar təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqlarını təqdim edib. Təqdim edilmiş yeni qulaqlıqların dizaynı və şarj keysinin görünüşü daha əvvəlki məlumat sızıntıları ilə üst-üstə düşüb. Lakin qeyd etmək lazımdır ki, Nothing şirkətinin ilk naqilsiz qulaqlıq modeli olan Ear (1) ilə müqayisədə Ear (Stick) bəzi özəlliklərdən məhrum olub. Buna görə də satış qiyməti baxımından Ear (Stick) alıcıları heç də razı salmaya bilər. Beləliklə Ear (1)-dən fərqli olaraq Ear (Stick) ətraf səs-küyün ativ boğulması funksiyasına və silikon başlıqlara sahib deyil. Yeni qulaqlıqlar Nothing şirkətinin 12.6 mm-lik drayverləri ilə təchiz olunublar.

Bununla yanaşı Ear (1)-dən fərqli olaraq Ear (Stick) bir dəfə şarj olunandan sonra daha çox çalışa bilir. Belə ki, yeni qulaqlıqlar bir dəfə şarj olunandan sonra 7 saat ərzində çalışa bilirlər. Ear (1)-də bu göstərici 5.7 saat təşkil edir. Lakin şarj keysinin istifadəsi halında yeni qulaqlıqların çalışma müddəti aşağı düşüb. Belə ki, şarj keysi ilə birlikdə Ear (Stick) 29 saat ərzində çalışa bilir. Ear (1)-də bu göstərici 34 saat təşkil edir. Yeni qulaqlıqlar 3 ədəd mikrofon ilə təchiz olunublar. Həmin mikrofonlar səsin ötürülməsi, danışıq zamanı ətraf səs-küyün boğulması və aşağı səs tezliklərinin itirilməsinin kompensasiyası üçün nəzərdə tutulublar. Ear (Stick) 4 noyabr tarixində 99$-a satışa çıxacaq.