DÜNYA

15 İyul

İtaliyanın baş naziri Draqinin istefa qərarı və birjalardakı kəskin eniş

Cümə axşamı İtaliyanın baş naziri Mario Draqinin tutduğu vəzifədən istefa verdiyini elan etməsindən sonra İtaliya istiqrazları və səhmlərinin fyuçersləri gündəlik minimuma enib.

"Fins.az" xəbər verir ki, İtaliyanın 10 illik dövlət istiqrazlarının sentyabr ayı üçün fyuçersləri 122-dən aşağı düşüb, bu iyun ayından bəri ən aşağı səviyyədir. Gün ərzində İtaliya fond bazarı indeksi üzrə fyuçers müqavilələri 5%-dən çox ucuzlaşıb. Bundan başqa, Draqinin istefası barədə açıqlaması fonunda avro yenidən dollara nisbətdə paritetdən - 0,9984-ə düşüb.

Agentliyin müsahibə verdiyi analitiklərin fikrincə, İtaliyadakı siyasi vəziyyət iyul ayında kreditlər üzrə faiz dərəcələrini 0,25% artırmaq niyyətində olan Avropa Mərkəzi Bankının (AMB) planlarına mane ola bilər. AMB üçün çətinlik odur ki, o, dövlət istiqrazları bazarlarını nizamlı saxlayaraq pul-kredit siyasətini sərtləşdirmək istəyir, çünki artan borclanma xərcləri İtaliya kimi ağır borcu olan ölkələrə daha çox zərbə vurub.

Draqinin istefasına səbəb hakim koalisiyanın partiyalarından biri olan və bu yaxınlara qədər onun əsasını təşkil edən 5 Ulduz Hərəkatının parlamentin yuxarı palatasında hökumətə etimad məsələsi ilə bağlı səsvermədə iştirakdan imtina etməsi olub.

İtaliya prezidenti Sercio Mattarella Draqinin istefasını qəbul etməyib.