DÜNYA

08 İyun

ABŞ neft hasilatını gələn il 16% artıra bilər

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) ölkədə 2022-2023-cü illər üçün ortalama gündəlik neft hasilatı üzrə proqnozunu artıma doğru korrektə edib.

Gələn il ABŞ-da ortalama gündəlik neft hasilatının 12,97 mln. barel olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 0,12 mln. barel çoxdur.

Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 11,92 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstəricinin 11,91 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Belə ki, 2021-ci ilin göstəricisi ilə müqayisədə ABŞ-da ortalama gündəlik neft hasilatının bu il 6,5%, 2023-cü ildə isə 15,9% artacağı ehtimal olunur.

Qeyd edək ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,19 mln. barel təşkil edib.

Xatırladaq ki, EİA-nın hesablamalarına görə, 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.