DÜNYA

06 İyun

İzvestiya: Türkiyə və Rusiya Ukraynanın taxıl planı ilə bağlı razılığa gəliblər

Rusiyanın “İzvestiya” qəzeti Türkiyə və Rusiyanın Ukrayna taxılının limanlardan çıxması planı üzərində razılaşdıqlarını bildirib.

"Fins.az" xəbər verir ki, dünyanın taxıl tədarükü ilə bağlı Ukrayna limanlarının açılması məsləsində Türkiyə və Rusiyanın ı razılığa gəldiyi bildirilir.

Rusiyanın “İzvestiya” qəzetinin verdiyi məlumata görə, Rusiya və Türkiyə taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti plan barədə razılığa gəliblər.

Plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq.

Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək.

Yol xəritəsinin Rusiya xarici işlər naziri Sergey Lavrovun 8-9 iyun tarixlərində Türkiyəyə səfəri zamanı gündəmdə olacağı gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov Lavrovun Ankaraya səfəri zamanı taxıl məsələsinin də müzakirə olunacağını təsdiqləyib.