DÜNYA

03 İyun

Çin ABŞ-ı “Tayvanla ticarət danışıqlarını dayandırmağa” çağırır

Çin ABŞ-ı suverenlik mübahisəsi olan Tayvanla ticarət danışıqlarını dayandırmağa çağırıb.
"Fins.az" xəbər verir ki, Xarici İşlər Nazirliyinin təmsilçisi Cao Licien açıqlamasında bildirib ki, dünyada tək Çin var və Tayvan Çinin ayrılmaz hissəsidir. 

Çin Xalq Respublikası (ÇXR) hökumətinin bütün Çinin yeganə qanuni nümayəndəsi olduğunu vurğulayan sözçüsü Cao "Son zamanlar biz ABŞ-ın Tayvanla bağlı təşəbbüslərini artırdığını, daim təkliflər hazırladığını görürük. Bunlar "vahid Çin" prinsipini pozan, Tayvanın müstəqilliyini müdafiə edən separatçıları təşviq edən, Tayvanda sülh və sabitliyi pozmaq məqsədi daşıyan səylərdən ibarətdir."

Cao ABŞ-ı "vahid Çin" prinsipinə və Vaşinqton və Pekin arasında diplomatik münasibətlərin əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəliklərinə əməl etməyə çağırıb.

ABŞ Ticarət Nümayəndəsi dünən ABŞ və Tayvan arasında ticarət təşəbbüsü başlatdığını açıqlayıb.Bəyanatda təşəbbüsün məqsədinin iqtisadi və kommersiya əlaqələrinin dərinləşdirilməsi üçün konkret yolların işlənib hazırlanması olduğu bildirilmiş və onun ümumi dəyərlərə əsaslanan qarşılıqlı ticarət prioritetlərinin inkişaf etdirilməsi, innovasiya və inklüzivliyi təşviq etmək məqsədi daşıdığı qeyd edilib.

ABŞ prezidenti Co Baydenin mayın 23-də Yaponiyaya səfəri zamanı “Çin Tayvana hücum edərsə, hərbi cavab veriləcək” kimi qiymətləndirməsi səbəbindən ticarət təşəbbüsünün Çinlə gərginliyin artdığı dövrə təsadüf etməsi diqqəti cəlb edib.