DÜNYA

24 May

Pandemiya dövründə milyarderlərin sayı 573 nəfər artıb

COVID-19 pandemiyasının başlanğıcından bəri dünyada daha 573 nəfər milyarder olub, onların sərvəti isə bu müddət ərzində ümumilikdə 3,78 trilyon dollar artaraq, 12,7 trilyon dollar, yaxud ümumdünya ÜDM-nin 13,9 faizini təşkil edir.

"Fins.az" xarici KİV-ə istinadla xəbər verir ki, bu rəqəmlər "Oxfam" xeyriyyə təşkilatının məruzəsində yer alıb.

Məruzəyə əsasən, hər 30 saatda dünyada yeni milyarder meydana gəlir və hazırda onların ümumi sayı 2668 nəfərə çatır. Eyni zamanda, hər 33 saat ərzində bir milyon insan ən kasıblar kateqoriyasına keçir, yəni gündə 1,9 dollardan az vəsaitlə dolanır. Dünyadakı ən zəngin 10 insanın sərvəti planetin ən kasıb əhalisinin 40 faizinin varidatına bərabərdir.

Məruzə müəllifləri hesablayıblar ki, ərzaq və energetika sektorunda fəaliyyət göstərən milyarderlərin aktivləri hər iki sutkada bir milyard dollar artır, son iki ildə isə bu göstərici 453 milyard dollara yüksəlib. Ən böyük beş energetika kompaniyası (BP, Shell, TotalEnergies, Exxon və Chevron) saniyədə 2,6 min dollar xalis gəlir əldə edir.