DÜNYA

12 May

"OPEC+" ölkələri öhdəlikləri 223% yerinə yetirib

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin aprel ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 223% yerinə yetiriblər.

OPEC-ə üzv olan ölkələr martda razılaşmanı 162%, qeyri-OPEC ölkələri isə 330% yerinə yetirib. Rusiya sözügedən göstəricini 337% yerinə yetirib.

Hesabata görə, “OPEC+” ölkələri neft hasilatını 400 mln. barel artırmaq əvəzinə, 840 min barel azaldıblar, bu da Rusiyada sanksiyalarla bağlı neft hasilatının aşağı düşməsi (gündəlik 1 mln. barel) ilə əlaqəli olub.

İEA bildirir ki, ümumilikdə "OPEC+" alyansına daxil olan 23 ölkə üzrə gündəlik neft hasilatı 44,12 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması məsələsi dəstəklənib. Artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.