Zara və Bershka brendlərinin sahibi olan İspaniyanın “Inditex” geyim şirkəti, mümkün olduqda Rusiyada fəaliyyətini bərpa edəcəyini gözləyir.
Bu barədə çərşənbə günü Inditex-in baş direktoru Oskar Qarsia Maseyras bildirib.
EFE agentliyinin məlumatına görə, tekstil qrupu Ukrayna ətrafında vəziyyətin inkişafının monitorinqini davam etdirir. Eyni zamanda, şirkət “mümkün olan və şərtlər imkan verən kimi” Rusiyadakı fəaliyyətini bərpa etməyi planlaşdırır.
Rusiya Federasiyasında 500-dən çox mağazası olan “Inditex” martın əvvəlində Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda Rusiyadakı əməliyyatlarını müvəqqəti dayandırmaq qərarına gəlib.
Inditex ispaniyalı Amansio Orteqa tərəfindən təsis edilib. Şəbəkənin 100-ə yaxın ölkədə 7 mindən çox mağazası var. Ən məşhur Inditex brendləri arasında Zara, PullBear, Massimo Dutti, Bershka, Stradivarius və Oysho var.