4 aprel. Fins.az – Əlcəzairin dövlət neft və qaz şirkəti “Sonatrach”, İtaliyanın “Eni” şirkətinə daha çox qaz tədarükü təklif etdiyini bildirib.
"Şirkətlərin direktorları İtaliyaya qaz tədarükünü müzakirə ediblər, Trans-Aralıq dənizi qaz kəməri vasitəsilə bu ölkəyə tədarükün artırılmasına kömək edəcək qısamüddətli və ortamüddətli təşəbbüslər təqdim olundu", - deyə Əlcəzair şirkətinin press-relizində bildirilir.
Bundan əlavə, iki şirkətin direktoru Əlcəzair şirkəti tərəfindən aşkar edilmiş yataqların istismarının sürətləndirilmyə başlanmasını müzakirə ediblər.
“Sonatrach”ın baş direktoru Taufik Hakkara şənbə günü bildirib ki, Əlcəzair hazırda Avropaya Rusiya qaz tədarükünü kompensasiya edə bilmir. Hakkarın sözlərinə görə, şirkət 2022-ci ildən 2026-cı ilə qədər neft və qaz kəşfiyyatı və hasilatına təxminən 40 milyard dollar investisiya yatırmaq niyyətindədir.
Əlcəzair dünyanın ən böyük on qaz hasilatçısından biridir. OPEC+ sazişi çərçivəsində 2020-ci ilin mayında məhdudiyyətlər tətbiq olunana qədər ölkədə neft hasilatının səviyyəsi sutkada təxminən 1,3 milyon barel, 2022-ci ilin fevralında isə 982 min barel olub. Əlcəzairin “Sonatrach” dövlət neft şirkəti karbohidrogenlərin hasilatı, emalı, daşınması və satışı ilə məşğuldur və təkcə Əlcəzairdə deyil, bütün Afrikada ən böyük şirkətdir.