DÜNYA

04 Aprel

Çexiyada qaz nə vaxta qədər çatacaq?

Çexiyanın Nəqliyyat Nazirliyinin rəhbəri Kupka bildirib ki, ölkədə yalnız bir aya bəs edəcək qədər qaz var

4 aprel. Fins.az – “Çexiyada indi təxminən 30 günlük qaz ehtiyatı var, çox şey havadan asılı olacaq”. Bunu ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Martin Kupka bildirib.

"Çexiya Rusiyadan qaz almağı dayandırsa, respublika əhalisi bunu ən sonda hiss edəcək. Qaz istehlakının azaldılması ilə bağlı əsas tədbirlər sənaye müəssisələrinə təsir edəcək. Hazırda Çexiyada 30 günə yaxın qaz ehtiyatı var, təbii ki, havadan çox şey asılıdır”, - deyə Kupka bildirib.

Nazir vurğulayıb ki, hazırda Nazirlər Kabineti respublikaya qaz tədarükü ilə bağlı xarici tərəfdaşlarla intensiv danışıqlar aparır. Mayın əvvəlində bu məqsədlə hökumət nümayəndə heyəti Fars körfəzi ölkələrinə yola düşəcək.

Kupka vurğulayıb: "Avropa İttifaqı ölkələrinin bu məsələdə birgə hərəkət etməsi, xüsusən də Rusiya Federasiyasında qaz alışının rublla ödənilməsini rədd etməsi vacibdir".

Nazir Çexiya hakimiyyətinin diqqətini nüvə enerjisinin inkişafına yönəltmək istəyini qeyd edib. Bununla bağlı o, Nazirlər Kabinetinin mart ayında respublikanın cənub-şərqində yerləşən Dukovanı AES-də 2036-cı ilədək başa çatmalı olan yeni enerji blokunun tikintisi üzrə tenderin başlanması ilə bağlı qəbul etdiyi qərarını xatırladıb.