3 aprel. Fins.az – Pakistanın baş naziri İmran Xan şənbə günü bildirib ki, onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərinin arxasında ABŞ dayanır.
“Məni hakimiyyətdən uzaqlaşdırmaq təşəbbüsü ABŞ-ın bizim daxili işlərimizə açıq-aşkar müdaxiləsidir”, - deyə Qərb mediası Xanın sözlərinə istinadla bildirib.
Baş nazir onu da açıqlayıb ki, ölkə parlamenti onun istefasına səs versə belə, o, tabe olmaya bilər. “Bütün proses inandırıcı olmadığı halda, mən səsvermənin nəticəsini necə qəbul edə bilərəm?”, deyə baş nazir sual verib.
Pakistan parlamentində hökumətə etimad məsələsi üzrə səsvermə aprelin 3-nə -bazar gününə təyin edilib. Xan bu həftənin əvvəlində əsas koalisiya tərəfdaşlarının dəstəyini itirdiyi üçün parlament çoxluğunu da itirdi. Ona görə də indi mümkündür ki, deputatlar həqiqətən də onun istefasını dəstəkləsinlər.
Müxalifət Xanı səmərəsiz iqtisadi idarəçilikdə və korrupsiyada ittiham edir.