DÜNYA

02 Aprel

İraq neft ixracından rekord məbləğdə gəlir əldə edib

İraqın mart ayında neft gəlirləri 1972-ci ildən bəri ən yüksək  məbləğə  – 11 milyard dollara çatıb

2 aprel. Fins.az –  İraq Neft Nazirliyinin mətbuat xidməti şənbə günü bildirib ki, mart ayında İraq neftinin ixracı ölkəyə 50 il ərzində rekord məbləğ - 11 milyard ABŞ dollar gətirib və neft hasilatının həcmi 100 milyon bareli ötüb.

“Martda xam neft ixracının məcmu həcmi 100 milyon 563 min 999 barel, gəlirlər isə 11,07 milyard dollar təşkil edib ki, bu da 1972-ci ildən bəri əldə edilən ən böyük məbləğdir”, - deyə məlumatda bildirilir.

Hesabat dövründə gündəlik ixrac həcmi neftin bir barelinin orta dəyəri 110 dollar olmaqla 3,244 milyon barel təşkil edib.

Neft Nazirliyinin məlumatına görə, İraq fevral ayında son iki ildə maksimum ixrac həcminə çatıb ki, bu da gündəlik 3,314 milyon barel olub. Eyni zamanda, fevral ayında İraq 2014-cü ildən bəri 8,54 milyard dollar məbləğində ən yüksək ixrac gəlirini əldə edib.