DÜNYA

02 Aprel

BASF rəhbəri Almaniyanın İkinci Dünya Müharibəsindən bəri “ən pis” böhranını proqnozlaşdırır

2 aprel. Fins.az –  Almaniyanın BASF neft-kimya konserninin rəhbəri Martin Brudermüller bilrib ki, Rusiyadan enerji təchizatına embraqo tətbiq etmək Almaniyaya münasibətdə “məsuliyyətsizlik” olardı. Onun sözlərinə görə, bu, ölkədə ağır böhrana səbəb olacaq.

O qeyd edib ki, idxalın dayandırılması və ya Rusiyadan qaz və neft təchizatına uzun müddətə qadağa qoyulduğu halda Almaniya görünməmiş iqtisadi böhranla üzləşəcək. Konsern rəhbəri bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

"Bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra Almaniya iqtisadiyyatında ən pis böhrana səbəb ola bilər", – deyə Brudermüller bəyan edib. Onun fikrincə, bu, xüsusən də ölkədə bir çox kiçik və orta şirkətlərin mövcudluğuna təhlükə yaradacaq.

BASF rəhbəri Rusiyadan enerji idxalının boykot edilməsinə qarşı çıxıb. “Biz neyləyirik, gözümüz görə-görə bütün iqtisadiyyatımızı məhv etmək istəyirik? Onilliklər ərzində yaratdığımız hər şeyi? Düşünürəm ki, belə bir eksperiment məsuliyyətsizlik olardı”.

Brudermüllerin sözlərinə görə, Rusiya təbii qazının Almaniyaya idxalından tamamilə imtina yalnız orta müddətli perspektivdə mümkündür. “Əgər biz tələsək, dörd-beş ildən sonra bunu edə bilərik”, – deyə o, bildirib.

Enerji qiymətləri bütün malların maya dəyərinə təsir edir, ona görə də BASF rəhbəri təkcə konsernin müəssisələrində deyil, digər sənaye sahələrində də istehsalın azalmasından qorxur. Brudermüller deyib: "Biz dəyər zəncirinin başlanğıcında olan məhsullar istehsal edirik".

BASF Almaniyanın neft-kimya şirkətidir və 90 ölkədə fəaliyyət göstərən dünyanın ən böyük kimya istehsalçısıdır. Rusiyada konsernin 12 istehsal sahəsi var. BASF-ın ötən il satış həcmi 78,6 milyard avro təşkil edib.