DÜNYA

01 Aprel

ABŞ neft bazarına on milyonlarla barel neft əlavə olunacağını gözləyir

1 aprel. Fins.az –  ABŞ prezidenti Co Bayden cümə günü bildirib ki, 30-dan çox ölkə ABŞ-ın dünya bazarına əlavə "on milyonlarla barel" gətirəcək nefti öz strateji ehtiyatlarından azad etmək qərarına qoşulmağa razılaşıb.

"Bu səhər dünyanın 30-dan çox ölkəsi Beynəlxalq Enerji Agentliyinin fövqəladə iclasına toplaşaraq on milyonlarla barel əlavə neftin bazara çıxarılması barədə razılığa gəliblər", - deyə Bayden Ağ Evdə çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bu yolla dünyanın onlarla ölkəsi digər ölkələrə qarşı “Rusiyanın enerji resurslarından istifadəsinə” qarşı çıxıb.

Bir gün əvvəl Bayden neft bazarını sabitləşdirmək və qiymət dəyişkənliyini azaltmaq üçün altı ay ərzində ölkənin strateji ehtiyatından gündə bir milyon barel neft buraxmaq qərarını açıqlamışdı. Bu həcmlərin cari ilin may-oktyabr aylarında bazara daxil olacağı gözlənilir. Bununla yanaşı, BEA-nın digər üzvləri bazara daha 30-50 milyon barel göndərə bilərlər.

Bundan əlavə, Bayden çıxışında Amerika neft istehsalçılarından neft hasilatını aktiv şəkildə artırmağı tələb edib. ABŞ lideri şirkətlərə verilmiş 9 mindən çox qazma lisenziyasının istifadə edilməməsinə görə onları qınayıb və bu icazələrin boş qalmasına görə cərimələr tətbiq etməklə hədələyib.