DÜNYA

01 Aprel

Rəhmon Tacikistan vətəndaşlarını ərzaq ehtiyatı toplamağa və ölkəni müdafiə etməyə hazırlaşmağa çağırıb

01 mart. Fins.az – Tacikistan prezidenti Emomali Rəhmon bildirib ki, dünyada vəziyyət “son dərəcə gərgin, böhranlı, mürəkkəb və təhlükəlidir”. Respublika vətəndaşları iki il üçün ərzaq ehtiyatı toplamalı və ölkənin müstəqilliyini müdafiə etməyə hazır olmalıdırlar. O, bunu Ramazan ayının başlanması münasibətilə etdiyi bayram nitqində deyib.

“Biz hər bir əlverişli bahar günündən istifadə edərək səpin kampaniyasını vaxtında başa çatdırmalı, bol məhsulun əsasını qoymalı və hər bir ailənin iki il üçün ərzaq ehtiyatı saxlamalı olduğunu heç vaxt unutmamalıyıq. Xalq bunun faydasına son illərdə, xüsusən də yoluxucu xəstəliyin - koronavirusun yayılmasının son iki ilində əmin olub”, - deyə Tacikistan prezidenti bildirib.

Onun sözlərinə görə, indi “ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçiliyinin strukturu məsələsi” var, ona görə də vətəndaşlar həmrəy olmalıdır. “Biz həyatımızın əvəzsiz nemətini – dövlət müstəqilliyini və onun nailiyyətlərini – sülhü, əmin-amanlığı, siyasi sabitliyi və milli birliyi müdafiə etməyə hər zaman hazır olmalıyıq”, - deyə Emoməli Rəhmon bildirib.