DÜNYA

01 Aprel

“PetroChina” yeddi il ərzində rekord illik gəlir əldə edib

01 aprel. Fins.az – Çinin ən böyük neft-qaz şirkəti “PetroChina Co”-nun xalis mənfəəti 2021-ci ildə təxminən 5 dəfə artaraq 92,17 milyard yuan (14,52 milyard dollar) təşkil edib.

Bu rəqəm 2014-cü ildən bəri ən yüksək göstəricidir. Onun yüksəlişi əsasən ötən il neftin qiymətinin artması ilə bağlı olub.

“PetroChina”-nın gəliri 35,2 faiz artaraq 2,614 trilyon yuana çatıb.

Onun neft və qaz hasilatının həcmi 3,4 faiz artıb. O cümlədən Çində neft hasilatı 1,3 faiz artaraq 753,4 milyon barelə, təbii qaz hasilatı 5,7 faiz  artaraq 4,222 trilyon kub fut olub.

“PetroChina”-nın 2022-ci ildə kapitalının 242 milyard yuan olacağı proqnozlaşdırılır ki, bu da keçən ilki 251 milyard yuandan aşağıdır. “Bloomberg” qeyd edir ki, “PetroChina”, Çindəki digər dövlət neft şirkətləri kimi, təchizat təhlükəsizliyini təmin etmək və enerji idxalından asılılığı azaltmaq üçün hasilatı artırmaq tələb edən dövlətin təzyiqi altındadır.

Honq-Konqda “PetroChina” səhmlərinin qiyməti son bir ildə 45 faiz, Nyu-Yorkda bu müddət ərzində 45,6 faiz bahalaşıb.