DÜNYA

31 Mart

Rusiya neftini Hindistana böyük endirimlə təklif edir 

31 mart. Fins.az – “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Rusiya Dehlini daha çox neft almağa inandırmaq üçün Hindistana böyük endirim təklif edir. Onların sözlərinə görə, Rusiya 2022-ci ilin sonuna qədər ən azı 15 milyon barel neft tədarükü üçün müqavilə axtarır. “Bloomberg” yazıb ki, hökumət səviyyəsində danışıqlar aparılır.

Agentliyin mənbələri deyirlər ki, Rusiya Urals neftinin barelini Ukraynada “hərbi əməliyyat”a başlamazdan əvvəlki 35 dollardan da ucuz qiymətə satmağa razıdır. “Xüsusi əməliyyat” Qərbin sanksiyalarına, dünya enerji qiymətlərinin artmasına, eyni zamanda Rusiya xammalına tələbatın azalmasına səbəb olub. “Bloomberg” qeyd edib ki, Brent markalı neftin qiyməti son bir ayda təxminən 10 dollar/barel bahalaşıb və bu da, Rusiya neftinin qiymətləri ilə fərqi daha da artırıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin fevralında Urals markalı neftin bir barelinin qiyməti 92,15 dollar təşkil edib.

İndi Hindistan və Çin Rusiyadan əsas xammal alıcılarıdır, çünki ABŞ artıq Rusiyanın enerji resurslarının idxalına qadağa qoyub, Böyük Britaniya bunu ilin sonuna qədər edəcəyini vəd edib və Aİ Rusiyadan enerji asılılığını azaltmağa çalışır. “Rosneft” və Hindistanın ən böyük neft şirkəti Indian “Oil Corp” birbaşa neft satışı ilə bağlı sövdələşməyə cəlb oluna bilər. “Bloomberg” mənbələri bildirirlər ki, müqavilə çərçivəsində Rusiya neftinin təchizatı üçün yuxarı həddin nə ola biləcəyi bəlli deyil. Onlar qeyd ediblər ki, müqavilədə Hindistanın Rusiya neftini yalnız iqtisadi cəhətdən məqsədəuyğun olduğu müddətdə alacağı barədə bənd var. Çatdırılmaların Vladivostok limanından həyata keçirilməsi təklif edilir: bu halda Hindistana səyahət 20 gündən az vaxt aparacaq. Ticarət balansını bərpa etmək üçün Hindistan Rusiyaya dərman, mühəndis komponentləri və kimyəvi maddələr ixracını artırmaq istəyir.

Hindistanın Neft və Təbii Qaz Nazirliyi “Bloomberg”ə şərh verməkdən imtina edib. “Indian Oil” nümayəndələri isə agentliyin sorğusuna cavab verməyiblər.

“Bloomberg” də mənbələrə istinadən yazır ki, Rusiya Hindistana rupi və rublla qarşılıqlı hesablaşmaları SWIFT-ə idxalı əvəz edən və ona alternativ olan Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sisteminin bazasına köçürməyi təklif edib. Agentlik bu məsələnin xarici işlər naziri Sergey Lavrovun Hindistana səfəri zamanı, eləcə də Mərkəzi Bankın top-menecerlərinin Hindistana ezamiyyətləri zamanı müzakirə olunacağını güman edib.

“Vanda Insights”ın təsisçisi Vandana Hari “Bloomberg”ə bildirib ki, Hindistan uzun müddətdir Rusiyadan çox az neft alır və onun neft emalı zavodları çoxlu Rusiya nefti almaq üçün təchiz olunmayıb.