DÜNYA

31 Mart

Yaponiya Rusiyadan 7 çətin əvəzlənə biləcək mal müəyyən edib

31 mart. Fins.az – Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Ukrayna ətrafında yaranmış vəziyyət və sanksiyaların tətbiqi fonunda Rusiyadan gətirilən və dəyişdirilməsi çətin olan 7 mal müəyyən edib. Bu fikri Rusiya mediası  sənədə istinadən xəbər verir.

İdarənin tərtib etdiyi siyahıya neft, kömür, mayeləşdirilmiş təbii qaz, yarımkeçiricilərin istehsalında istifadə olunan qaz, palladium, polad istehsalı üçün ferroərintilər və paslanmayan polad istehsalı üçün ferroərintilər daxil edilib.

Nazirlik Yaponiyanın bu malların Rusiyadan tədarükündən asılılığının çox yüksək olduğuna diqqət çəkib. Tokio digər idxalçı ölkələri bu məhsulların istehsalını artırmağa çağırıb.

Media mənbələrə istinadən  bildirir ki, ölkə Rusiya neftinin idxalından 3,6 faiz, maye qazdan isə 8,8 faiz asılıdır.

Rusiyadan palladium idxalı ölkənin ümumi idxalının 43 faizini təşkil edir.

Martın 25-də Yaponiya Xarici İşlər Nazirliyi ölkənin Rusiyaya qarşı sanksiyalarını genişləndirdiyini açıqlayıb. Yeni məhdudiyyətlər paketinə 25 rusiyalı və 81 Rusiya təşkilat daxildir. Sanksiya siyahısına Kremlin sözçüsü Dmitri Peskov və onun həyat yoldaşı Tatyana Navka, “VEB RF" dövlət inkişaf korporasiyasının sədri İqor Şuvalov, "Severstal"ın rəhbəri Aleksey Mordaşov daxildir.