DÜNYA

30 Mart

Avropa qənaət rejiminə keçir?

Avstriya və Almaniya isə fövqəladə erkən xəbərdarlıq rejimini aktivləşdirirlər

30 mart. Fins.az – Böyük Britaniya Milli Statistika İdarəsinin keçirdiyi rəy sorğusuna əsasən, ölkədə hər 10 nəfərdən səkkizi (83%) 2022-ci ilin mart ayında artan qaz və elektrik enerjisi qiymətləri fonunda gündəlik xərclərin artdığını bildirib ki, bu da onları enerjiyə və ərzaq alış-verişinə qənaət etməyə məcbur edib.

Sorğu iştirakçılarına son bir ay ərzində gündəlik xərclərinin necə dəyişdiyi, maliyyə vəziyyətləri və gözlənilməz, lakin zəruri xərcilərini 850 funt-sterlinq həcmində ödəyə biləcəkləri də daxil olmaqla müxtəlif suallar verilib.

Sorğu göstərib ki, Böyük Britaniyanın 10 nəfərindən 8-i (83%) 2022-ci il martın 3-dən 13-dək gündəlik xərclərinin artdığını bildirib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin noyabrında 10 britaniyalıdan yalnız 6-sı yaşayış xərclərinin artmasından danışıb.

2022-ci ilin yanvar-27 fevral tarixləri arasında Britaniya sakinlərinin istehlak səbətinin qiymətinin artmasının əsas səbəbləri kimi ərzaq qaz və elektrik enerjisinin bahalaşması göstərilib.

Xərclərin artması səbəbindən respondentlərin 51 faizi az ehtiyac duyulan daha az xərcləməyə başladıqlarını, 34 faizi evdə daha az qaz və ya elektrik enerjisi istifadə etdiyini, 31 faizi ərzaq və zəruri əşyalara daha az xərclədiyini bildirib.

Buna baxmayaraq, agentlik qeyd edir ki, mövsümlə əlaqədar olaraq qaz və elektrik enerjisinin qiymətləri araşdırmanın nəticələrinə böyük təsir göstərə bilər.

Avstriya isə daha da irəli gedərək, dövlət səviyyəsində fövqəladə erkən xəbərdarlıq rejimini aktivləşdirib

Bu ölkənin “Puls24” telekanalı bildirir ki, Avstriya hökumətinin antiböhran kabineti enerji tənzimləyicisi “E-Control” ilə birlikdə Rusiyadan qaz nəqlinin dayandırılması halında erkən fövqəladə xəbərdarlığın aktivləşdirilməsini elan edib.

Buna səbəb kimi isə Rusiyanın gələcək qaz təchizatının yalnız rublla ödəniləcəyi barədə bəyanatı göstərilib. “Erkən xəbərdarlığın aktivləşdirilməsi nəticəsində bir neçə həftədir mövcud olan müşahidə və monitorinq sistemi dərhal gücləndiriləcək”, - deyə telekanal bildirib.

Ölkənin Kansler Aparatı bildirir ki, Rusiyadan Avstriyaya qaz tətbiqi məhdudiyyətsiz davam edir. Qaz saxlanclarının 13 faizi doldur ki, bu da son illərin orta göstəricisidir.

Avstriya hökumətinin tətbiq etdiyi qənaətlər fövqəladə hallar barədə erkən xəbərdarlıq rejimi Almaniyada da tətbiq olunmağa başlayıb. Bavariya əyalətinin rəhbərliyi bildirib ki, tətbiq edilən erkən xəbərdarlıq rejimi qaz problemlərinin ciddiliyini əks etdirir.

Almaniyanın Bavariya əyalətinin baş naziri Markus Zyöder “dpa” xəbər agentliyinə bildirib ki, qazın verilməsi ilə əlaqədar tətbiq edilən fövqəladə erkən xəbərdarlıq rejimi vəziyyətin ciddiliyindən xəbər verir və enerji təchizatında problemlər iqtisadiyyat üçün genişmiqyaslı nəticələrə səbəb ola bilər. Belə nəticələr arasında siyasətçi kütləvi işsizliyin də adını çəkib.

Çərşənbə günü Almaniyanın İqtisadiyyat naziri Robert Habek Rusiyadan qaz nəqlinin mümkün dayandırılması ilə əlaqədar fövqəladə erkən xəbərdarlıq rejiminin işə salındığını elan edib. O, Rusiyanın enerji təchizatının rublla ödənilməsi tələbini şərh edərkən vurğulayıb ki, Almaniya ödəniş valyutalarının göstərildiyi “özəl təchizat müqavilələrinin hər hansı pozuntusunu” tanımır.

Amma məsələ heç də erkən xəbərdarlıqla yoluna düşməyəcək. Belə ki, Almaniya Ticarət və Sənaye Palataları Assosiasiyası (DIHK) Rusiya qaz nəqlinin mümkün dayandırılması fonunda “fövqəladə iqtisadi nəticələr” barədə xəbərdarlıq edib.

Çərşənbə günü DIHK prezidenti Peter Adrian bildirib ki, "Təchizat dayandırılacağı təqdirdə, bir çox şirkət önümüzdəki aylarda ilk ziyançəkənlər sırasında olacaq". O, həmçinin vurğulayıb ki, bu, baş verəcəyi təqdirdə "dəyər yaradan bütün zəncirlər prosesinə mənfi təsir göstərəcək". Bu kontekstdə Adrian federal hökumətin qazın nəqli ilə əlaqədar fövqəladə hallar üçün erkən xəbərdarlıq rejiminin tətbiqi ilə bağlı bəyanatını “məsuliyyətli” adlandırıb.

DIHK prezidenti qaz qiymətləri ilə yanaşı, elektrik enerjisinin qiymətlərinin də kəskin artacağını gözləyir. Bu, qazdan ümumiyyətlə istifadə etməyən şirkətlərə də təsir edəcək, ona görə də “iqtisadi təsir çox vaxt güman ediləndən daha ağır olacaq”.

“dpa” həmçinin xəbər verir ki, Almaniya Kimya Sənayesi Assosiasiyası (VCI) da Rusiyadan neft və qaz tədarükünün kəsilməsindən ehtiyat edir. Təşkilatda bildiriblər ki, Almaniyaya təchizatın mümkün qısamüddətli kəsilməsi halında belə bu, "payızdan gec olmayaraq, təkcə kimya-əczaçılıq sənayesinə deyil, həm də ölkənin bütün istehsal şəbəkəsinə böyük mənfi təsir" göstərəcək. "Kütləvi iş yerlərinin itirilməsi ilə nəticələnəcək ağır tənəzzül” belə istisna edilmir. Məlumat üçün deyək ki, Almaniyanın kimya və əczaçılıq sənayesi ənənəvi olaraq böyük miqdarda neft və qaz istehlak edir.

Elə bu səbəbdən də Markus Zyöder çıxış yolu kimi atom və kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinin uzadılmasına çağırış edib.

İLQAR