DÜNYA

28 Mart

Rusiya hökuməti ammonium nitratın ixracına qadağanın müddətini uzadıb

Rusiyada ammonium nitratın Avrasiya İqtisadi İttifaqından (Aİİ)  kənara ixracına müvəqqəti qadağanı bir ay uzatdı

Fins.az RF-nin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən bildirir ki, hökumət ammonium nitratın Avrasiya İqtisadi İttifaqından kənara ixracına qoyulan qadağanın müddətini 2022-ci il mayın 1-dək uzadıb. Lakin bu qadağa DXR, LXR, Abxaziya və Cənubi Osetiyaya ixraca şamil edilmir.

Rusiya Nazirlər Kabineti Mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “Rusiyada ammonium nitratın Avrasiya İqtisadi İttifaqından kənara ixracına qoyulan müvəqqəti qadağa bir ay müddətinə uzadılır. İndi bu qadağa 2022-ci il mayın 1-dək qüvvədə olacaq. Fərmanı baş nazir Mixail Mişustin imzalayıb”.

"Qadağa Donetsk və Luqansk Xalq Respublikalarına, həmçinin Abxaziya və Cənubi Osetiyaya bu məhsulların ixracına şamil edilməyəcək", - deyə Nazirlər Kabinetindən bildiriblər.

Ammonium nitratın ixracına qadağa fevralın 1-dən tətbiq edilib və aprelin 1-dək qüvvədə olmalı idi.

Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, qadağanın müddətinin uzadılması Rusiya fermerlərinin və sənaye müəssisələrinin ehtiyaclarını tam ödəyəcək.