Əvvəlki 5 illə müqayisədə 2017-2021-ci illərdə qlobal silah ticarəti 4,6% azalıb.
Bu barədə SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) son hesabatında bildirilib.
Hesabata görə dünyanın əsas silah ixracatçıları dəyişməz olaraq qalır: ABŞ və Rusiya. Hesabat dövründə Avropa və Okeaniya regionuna silah satışı artıb.
Silah idxalı Avropada 19, Şərqi Asiyada 20, Okeaniyada isə 59% artıb
Dünyanın ən böyük silah ixracatçısı olan ABŞ son 5 ildə bazardakı payını 32%-dən 39%-ə qaldıra bilib. Bu ölkənin əsas müştərisi Səudiyyə Ərəbistanıdır.
Hesabat dövründə Rusiyanın silah ixracı 26% azalsa da, şimal qonşumuz dünya silah ticarətində 19%-lə ikinci yerdədir. Rus silahının əsas müştəriləri Hindistan, Çin, Əlcəzair və Misirdir. Rusiyanın ümumi ixracının 73%-i bu 4 ölkənin payına düşür.
Silah bazarında üçüncü mövqedə isə 11%-lik payla Fransa dayanır. Siyahıda dördüncü yerdə Çin, beşinci yerdə isə Almaniya qərarlaşıb.