DÜNYA

11 Mart

Səudiyyə Ərəbistanının neft emalı zavoduna pilotsuz təyyarə hücumu

Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyaddakı neft emalı zavoduna pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb.

"Fins.az"xəbər verir ki, açıqlamada pilotsuz təyyarənin hücumu nəticəsində neft emalı zavodunda baş verən kiçik miqyaslı yanğının nəzarət altına alındığı bildirilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı neft emalı zavodunun pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alındığı bildirilib.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) Energetika Nazirliyi rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, dünən səhər saat 04:40 radələrində paytaxt Ər-Riyaddakı neft emalı zavodu İHA tərəfindən hədəfə alınıb.

Xəbərdə hücum nəticəsində insan itkisi və yaralanmanın olmadığı, neft emalı zavodunda olan neft ehtiyatlarının yanğından zərər görmədiyi, kiçik miqyaslı yanğının nəzarət altına alındığı bildirilib.

Hücumun mənbəyi ilə bağlı məlumat verilməsə də, “Səudiyyə Ərəbistanı bu qorxaq terror hücumlarını şiddətlə qınayır” qeyd edilib.

Energetika Nazirliyinin rəsmisi qeyd edib ki, ölkənin müxtəlif bölgələrində həyati əhəmiyyət kəsb edən obyektlərə və mülki obyektlərə qarşı dəfələrlə törədilən bu təxribat və terror aktları təkcə Səudiyyə Ərəbistanını deyil, həm də dünyanın təhlükəsizliyini və sabitliyini pozmaq məqsədi daşıyır.