DÜNYA

16 İyul

Finlandiya qapılarını immiqrantlar üçün daha geniş aça bilər

Finlandiya qapılarını immiqrantlara daha geniş açmaq zəruriyyətindədir.

Fins.az xəbər verir ki, ölkənin maliyyə naziri Annika Saarikko bəzi siyasətçilər arasında miqrasiyaya qarşı birmənalı olmayan münasibətə baxmayaraq, gələcəkdə Finlandiyaya xarici işçi qüvvəsinin cəlb edilməsinin məşğulluq vəziyyətinin yaxşılaşdırılmasına və iqtisadiyyatın gücləndirilməsinə kömək edəcəyini bildirib. “Bu cür qərar finlərin iş perspektivlərinə zərər verməyəcək. Həm əcnəbilərə, həm də finlərə ehtiyacımız var”, - deyə nazir qeyd edib.

Finlandiya uzun illərdir ki, demoqrafik problemlərin öhdəsindən gəlməyə çalışır. Ölkədə əmək qabiliyyətli yaşda olan insanların sayının əhəmiyyətli dərəcədə azalacağı və yaşlı insanların sayının artacağı proqnozları da mütəmadi verilir. Üstəlik, hesablamalara görə yaşlılara qayğı göstərmək üçün təkcə sosial və səhiyyə sektorlarında hazırkı onilliyin sonunadək əlavə 30 min işçi qüvvəsinə ehtiyac yaranacaq.

Nazirin sözlərinə görə, bu səbəbdən də Finlandiya yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, adi işçilər də cəlb etməlidir: “Həqiqət ondan ibarətdir ki, kənd təsərrüfatı, istehsal, sosial və tibbi xidmətlər, hətta paytaxtda ictimai nəqliyyat xarici işçilər olmadan fəaliyyət göstərə bilməyəcək”.

Miqrasiyasını stimullaşdırmağın zəruriliyi barədə mübahisələrə baxmayaraq, iş axtarmaq üçün Finlandiyaya köçən əcnəbilərin sayı son illərdə dəyişməz olaraq qalmaqdadır. Əcnəbilər hələ də oturum izni almaqda çətinliklərlə üzləşirlər. Hətta Finlandiya şirkətləri də xarici işçilərinin üzləşdiyi oturum izni alma prosedurunun mürəkkəbliyini dəfələrlə tənqid edib.

Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyi daha əvvəl "Finlandiyada əmək qabiliyyətli əhalinin azaldığını və əhali artımının yalnız immiqrasiya səbəbindən baş verdiyini” elan edib.

Baş nazir Sanna Marinin hökuməti, bu ilin sonuna qədər əmək immiqrantlarının sayının ən azı iki qat artırmaq istədiyini elan edib. Bu hədəf hökumətin məşğulluqla bağlı vəziyyəti yaxşılaşdırmaq yolunda mühüm tədbirlərindən biridir.

Maliyyə naziri Annika Saarikko əcnəbi tələbələrin məzun olduqdan sonra Finlandiyada karyera qurma imkanı verilməli olduğunu diqqətə çatdırıb. Bu məqsədlə hökumət Finlandiyada təhsilini başa vuran əcnəbi məzunlara iki ilə qədər oturum izni verməyi planlaşdırdığını vurğulayıb.

©  azertac