DÜNYA

09 İyun

ABŞ-da neft ehtiyatlarının azalması onun bahalaşmasına səbəb olub

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmağa başlayıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,57 % bahalaşaraq, 1 bareli 72,62 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,63 % artaraq, 1 bareli 70,47 ABŞ dolları təşkil edib.

Daha əvvəl API 4 iyun tarixinədək olan həftə ərzində ABŞ-da kommersiya ehtiyatlarının 2,1 milyon barel azaldığı barədə məlumat vermişdi. Analitiklər ehtiyatların 3,6 milyon barel azalacağını güman edirdilər.

İnvestorlar bu axşam ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanacaq kommersiya ehtiyatları ilə bağlı rəsmi stastistikanı gözləyirlər. Analitiklər ehtiyatların 2 milyon barel azaldığını güman edirlər.

Tələbin artması və iqtisadiyyatın bərpa olunması perspektivləri “qara qızıl” bazarındakı müsbət dinamikaya də təsir göstərib. Məhdudiyyətlərin tədricən aradan qaldırılması ilə yanacağa olan tələbat da artır.

© Report