ABŞ prezidenti Co Bayden Çinə qarşı iqtisadi sanksiyaların yeni dalğasına start verib.
Fins.az Ağ Ev rəsmilərinə istinadla xəbər verir ki, dünən Bayden Amerikanların Çinin 59 iri müdafiə sənayesi və müşahidə-izləmə texnologiyası şirkətinə investisiya yatırmasını qadağan edən sənədi imzalayıb. Rəsmilər bu qərarı Çinin ABŞ kapitalından istifadə etməklə Amerikanın öz milli maraqlarına təhlükə yaratmaq səylərinə son qoymaq üçün zəruri addım kimi əsaslandırıblar.
“Bu sərəncam Birləşmiş Ştatlara amerikan investisiyalarının ABŞ-ın və bizim müttəfiqlərimizin təhlükəsizliyini və demokratik dəyərləri hədələyən Çin şirkətlərinə yatırılmasını qadağan etməyə imkan verir.” - Ağ Evin yaydığı rəsmi press-relizdə bildirilib. Qadağa avqustun 2-dən qüvvəyə minəcək.
“Qara siyahı”ya düşən şirkətlər arasında artıq ikinci dəfə ABŞ sanksiyalarının hədəfi olan Huawei, Çinin ən böyük çip istehsalçısı Beynəlxalq Yarımkeçiricilərin İstehsalı Korporasiyası, Aviasiya Sənaye Korporasiyası, Milli Ofşor Neft Korporasiyası, Dəmiryol Tikinti Korporasiyası, Milli Nüvə şirkəti, üç telekommunikasiya şirkəti - China Mobile, China Telecom və China Unicom, eləcə də Aeromühərrik Korporasiyası, Aerosun Korporasiyası və başqaları var.
Xatırladaq ki, Ağ Evin bu qərarı ABŞ-ın Çinə qarşı ilk irihəcmli investisiya sanksiyası deyil. Hələ ötən ilin noyabrında sabiq prezident Donald Tramp imzaladığı sərəncamla Pentaqonun Çin Xalq Azadlıq Ordusu ilə əlaqələr səbəbindən sanksiyalar siyahısına saldığı 48 Çin şirkətində səhm sahibi olmağı amerikanlara qadağan etmişdi. Həmin dövrdə siyahıdakı əksər Çin şirkətlərinin səhmləri bir gün ərzində 10%-ə qədər ucuzlaşmışdı. Əsas müzakirə mövzularından biri elə Çinin artan təhdidləri olacaq G7 sammitinə qatılmaq üçün Avropaya səfərə hazırlaşan Bayden isə Trampın tətbiq etdiyi siyahını daha da genişləndirib. Belə vəziyyətdə birjaların reaksiyası kifayət qədər maraqlı olacaq.