Avropanın ən böyük təyyarə istehsalçısı Airbus pandemiyanın gətirdiyi məhdudiyyətlərin arxada qaldığını və aviaşirkətlərin öz fəaliyyətini sürətlə bərpa etdiyini iddia edir.
Fins.az xəbər verir ki, şirkət özünün məşhur darfüzelyajlı təyyarə seriyasının istehsal həcmini genişləndirməkdə qərarlıdır. Xüsusən, A320 modelinin istehsal gücü bu ilin dördüncü rübündə ayda 45 ədədə çatdırılacaq.
Airbus bu modelin istehsalını 2023-cü ilin ikinci rübündə ayda 64 ədədə, 2024 və 2025-ci illərdə isə müvafiq olaraq 70 və 75 ədədə çatdırmağı hədəfləyir. İrifüzelyajlı A350 modelinin istehsal həcmi isə hazırkı aylıq 5 ədəddən 2022-ci ildə ayda 6 ədədə çatdırılacaq. “Aviasiya sektoru COVID-19 böhranından özünə gəlir. Biz də buna uyğun olaraq təchizatları sürətləndirmək niyyətindəyik” - Airbusun baş direktoru Gilyam Fauri bildirib.
Airbus və onun ən böyük rəqibi, ABŞ-ın Boeing şirkəti son 3-4 ildir ki, həm dar, həm də irifüzelyajlı təyyarə istehsalında amansız rəqabət aparır. Pandemiya bütün planları yarımçıq qoyaraq, bu rəqabəti zəiflətsə də, qlobal iqtisadiyyatın bərpası iki nəhəng arasındakı bazar savaşını yenidən aktuallaşdırır.