DÜNYA

30 Aprel

Amazon yenə liderdir - 108 milyard dollar!

ABŞ-ın “beş texnoloji əjdahası”ndan biri, Forbesin qlobal milyarderlər siyahısına başçılıq edən Jeff Bezos-un Amazonu yenə gözləntiləri artıqlaması ilə doğruldub.

Fins.az  xəbər verir ki, ötən gün 2021-ci ilin ilk rübünün nəticələrini açıqlayan nəhəng korporasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% daha çox - 108,52 milyard dollar gəlir əldə etdiyini bildirib.

Xalis mənfəət 3 dəfədən çox artaraq, 8,1 milyard dollara çatıb (ötən ilin ilk rübündə bu göstərici 2,53 milyard dollar idi). Nəticələr belədir:

Səhm başına gəlir - 15,79 dollar (proqnoz - 9,54 dollar)

Ümumi gəlirlər - 108,52 milyard dollar (proqnoz - 104,47 milyard dollar, illik ifadədə artım - 44%)

Əməliyyat mənfəəti - 8,9 milyard dollar (illik ifadədə artım - 100%-dən çox)

Xalis mənfəət - 8,1 milyard dollar (illik ifadədə artım - 3 dəfədən çox)

o cümlədən:

Məhsul satışları - 57,49 milyard dollar (ötən ilki göstərici - 41,84 milyard dollar)

Xidmət satışları - 51,02 milyard dollar (ötən ilki göstərici - 33,6 milyard dollar)

Satışların coğrafi və seqment bölgüsü:

Şimali Amerika - 64,36 milyard dollar (ötən ilki göstərici - 46,12 milyard dollar, illik ifadədə artım - 40%)

Beynəlxalq satışlar - 30,64 milyard dollar (ötən ilki göstərici - 19,1 milyard dollar, illik ifadədə artım - 60%)

Amazon Web Services (internet və bulud texnologiyaları) - 13,50 milyard dollar ötən ilki göstərici - 10,21 milyard dollar, illik ifadədə artım - 32%)

Amazon reklam gəlirlərini açıqlamasa da, bu xidmətlər “Digər” kateqoriyasına daxil edilib və 77% artaraq, 6,9 milyard dollara çatıb. Fiziki mağazaların, Whole Foods Market və Amazon Book-sun gəlirləri pandemiya səbəbindən 16% azalaraq, 3,9 milyard dollar təşkil edib. Əvəzində onlayn maqazinlər vasitəsilə satış 44%, abunə xidmətləri 36% artıb.

Şirkət növbəti rübdə gəlirlərin 110-116 milyard dollar arasında olacağını, koronavirusla əlaqədar 1,5 milyard dollarlıq xərcləri də nəzərə almaqla, əməliyyat mənfəətinin 4,5 milyard - 8 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırır.