“Samsung” kompaniyalar qrupunun mərhum rəhbəri Li Qon Hinin varisləri mirasa görə rekord məbləğdə - 12 trilyon vondan (10,7 milyard dollar) çox vergi ödəyəcək ki, bu da ölkə tarixində ən böyük miras vergisidir.
Bu barədə Li ailəsinin nümayəndəsi məlumat yayıb.
Bununla yanaşı onlar Cənubi Koreyanın ən iri konqlomeratının mülkiyyət formasının dəyişməsində əsas məqamın olduğu miras aksiyaların necə bölünəcəyi barədə məlumat verməyib.
Li ailəsi, həmçinin virus infeksiyaları ilə mübarizəyə və nadir uşaq xəstəlikləri sahəsində tədqiqatlara 1 trilyon von (900 milyon dollar) pul və təxminən 2 trilyon von (1,8 milyard dollar) həcmində qiymətləndirilən 23 minə yaxın incəsənət əsəri ianə edəcəklərini açıqlayıb.
Qeyd edək ki, mərhum biznesmenin dörd varisi var - həyat yoldaşı, oğlu və iki qızı. Örtən ilin oktyabrında vəfat edən Li Qon Hin ümumi dəyəri 25 trilyon von (22,5 milyard dollar) həcmində qiymətləndirilən aktiv və daşınmaz əmlak şəklində miras qoyub.