DÜNYA

22 Aprel

IATA aviaşirkətlərin itkiləri ilə bağlı proqnoz göstəricisini artırıb

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2020-2021-ci illərdə dünya aviaşirkətlərinin ümumi xalis itkiləri ilə bağlı proqnoz göstəricisini yüksəldib.

Bu barədə qurumun açıqlamasında deyilir.

“IATA” bu ilin sonunda aviaşirkətlərinin itkilərinin 47,7 milyard dollar təşkil edəcəyini gözləyir. 2020-ci ilin noyabrında bu proqnoz 38,7 milyard, iyununda isə 15,8 milyard dollar təşkil edirdi.

Bu sahənin 2020-ci ildə itkiləri 126,4 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bu il aviaşirkətlərin sərnişin sayı təxminən 2,4 milyard nəfər təşkil edə bilər ki, bu da keçən ilin göstəricisindən 30 faiz çox, lakin COVID-19-dan əvvəlki 2019-cu illə müqayisədə 47 faiz azdır.

Hava nəqliyyatı sənayesinin gəlirlərinin 458 milyard dollara çatacağı gözlənilir. Bu 2020-ci ildəkindən 23 faiz çox, lakin 2019-cu ildəkindən 45 faiz azdır.

“IATA” bu sənayenin COVID-19 böhranından maddi cəhətdən zəifləmiş çıxacağını, xərclərin dayandırılmasının və ixtisarının sənayenin bərpasında əsas rol oynayacağını bildirib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası həmçinin, əvvəlki kimi, dünya hökumətlərini aviaşirkətlərə dəstək verməyə çağırır.

© Report