Çinin internetlə əlaqəli xidmətlər və süni intellektə əsaslanan məhsullar təmin edən texnologiya şirkəti Baidu A sinifli səhmlərindən 95 milyon ədədini satışa çıxaracağını elan edib.
Fins.az xəbər verir ki, Baidu bir səhmin qiymətini ilkin olaraq 252 Honkonq dolları (32,45 dollar) olaraq müəyyənləşdirib. Nəticədə şirkət ümumilikdə 3,1 milyard dollar vəsait əldə etməyi planlaşdırır.
2000-ci ildə Robin Li və Erik Xu tərəfindən Çinin Haidian əyalətində yaradılan Baidu hazırda dünyanın ikinci ən böyük internet axtarış sisteminə malikdir. Şirkət Çinin onlayn axtarış sistemləri bazarının 76%-ni öz əlində saxlayır. 2007-ci ildə Baidu NASDAQ-100 qlobal indeksinə düşən ilk Çin şirkəti olmuşdur. 2018-ci ildə şirkətin bazar kapitallaşması 99 milyard dollar təşkil edirdi. Şirkətin 46 minə yaxın əməkdaşı var.