Fins.az Bloomberg istinadən xəbər verir ki, “Qazprom”-un xarici bazarlardakı əsas rəqibi Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçısı “Novatek”, Avropaya ekoloji cəhətdən daha təmiz olan məhsulla təmin etməyə qərar verib.
Agentliyin məlumatına görə, Avropalı alıcılar getdikcə satıcıdan qaz istehsalından çıxan tullantıların miqyasına dair dəqiq məlumatları tələb edirlər.
Bundan əlavə, investorların təzyiqi artır, onlar ətraf mühitin çirklənməsi ilə mübarizə mövzusunda ən böyük enerji şirkətləri arasında irəliləmənin olmamasından narahatdırlar.
Bloomberg qeyd edir ki, bu oniliyin sonunadək “Novatek” istehsalını daha təmiz etmək niyyətindədir. Şirkətin başqa bir məqsədi istehsal həcmini üç qat artırmaqdır.
Həmçinin şirkətin Asiya tenderində iştirak etmək üçün müraciət etdiyi də qeyd edilib. Tenderi Sinqapurun ən böyük istehlakçılarından biri, “Pavilion Energy Pte.” keçirib. Tenderin ən əsas şərtləri ekoloji tədarük və tulantıların həcmi barədə məlumatın verilməsi idi.