2020-ci ildə iqtisadi cəhətdən bütün inkişaf etmiş ölkələri bürüyən qlobal iqtisadi böhran İspaniyaya da ciddi ziyan vurub.
Fins.az xəbər verir ki, bunları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu barədəki hesabatında bəyan edib. İƏİT-in məlumatlarına görə, 2020-ci ildə dünya üzrə ÜDM-də azalma 7,6 faiz təşkil edib.
İƏİT-in dünya üzrə yeni proqnozunda qeyd olunur ki, İspaniyada ÜDM-nin 11 faiz azalması Avropa İttifaqının istənilən iqtisadiyyat nəhənginin, hətta Cənubi Afrikanın (-7,2 faiz), Meksikanın (-8,5 faiz) və Argentinanın (10 faiz) iqtisadiyyatındakı mövcud tənəzzülü üstələyir.
İspaniya ÜDM-ində tarixi azalma turizm və qonaqpərvərlik sektorundakı mövcud asılılıqla bağlıdır. İƏİT İspaniyada ÜDM-nin azalmasını həm də koronavirus pandemiyası əleyhinə mübarizə tədbirlərinin ləngiməsi ilə əlaqələndirir. Bununla belə, İƏİT 2021-ci ildə İspaniyanın iqtisadiyyatının 5,7 faiz və 2022-ci ildə isə 4,8 faiz artacağını ehtimal edir.
İƏİT-in verdiyi proqnoza görə, Aİ iqtisadiyyatı 2021-ci ildə 3,9 faiz, 2022-ci ildə isə 3,8 faiz artacaq. Eyni zamanda, dünya iqtisadiyyatı 2021-ci ildə 5,6 faiz bərpa olunacaq ki, bu da 1,4 bənd nəzərəçarpacaq artım deməkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ümidverici proqnozları effektiv peyvənd kampaniyasının aparılması, bəzi ölkələrdə, xüsusən də ABŞ-da əlavə maliyyə tədbirlərinin elan edilməsi və koronavirusla mübarizədə uğurlu tədbirlərin görülməsi ilə əlaqədardır.
© azertac