DÜNYA

26 Fevral

Hackerlərdən biri Clubhouse-dakı danışıqları digər saytlarda yayımlayıb

 Hackerlərdən biri son zamanlarda məşhurlaşmış Clubhouse adlı yeni sosial şəbəkədəki danışıqları kənar sayta yükləyib.

Fins.az xəbər verir ki,sözügedən sosial şəbəkənin təmsilçiləri edilmiş hacker hücumunu təsdiqləyiblər və bildiriblər ki, onlar bu istiqamətdə əlavə tədbirlər görürlər. Bununla belə mütəxəssislər qeyd ediblər ki, yeni sosial şəbəkədə danışıqların yaxın zamanda qorunmasını gözləmək lazım deyil. Bu barədə Bloomberg saytı xəbər verib. Clubhouse səsli ünsiyyət əsasında qurulmuş qapalı sosial şəbəkədir. Həmin sosial şəbəkəyə yalnız dəvətnamə vasitəsilə daxil olmaq mümkündür.

    Clubhouse-un daxili qaydalarına əsasən danışıqların yazılması və ya saxlanması qadağandır. Lakin keçən həftənin sonunda Clubhouse-a hacker hücumunun olduğu müşahidə edilib. Hücumu reallaşdırmış hacker real zaman ərzində getmiş danışıqları streaming formata keçirdərək otaqlarda olmuş söhbətləri kənar saytlara yaya bilib. Clubhouse təmsilçisi kiberhücum barəsində təfərrüatları verməsə də qeyd edib ki, onu reallaşdırmış istifadəçi həmişəlik blok olunub və bu cür halın bir daha yaşanmaması üçün əlavə təhlükəsizlik tədbirləri görülüb.

Mütəxəssislərdən biri bildirib ki, hal hazırda Clubhouse ilə bağlı olan əsas problemlərdən biri də odur ki, istifadəçilər sosial şəbəkə daxilində aparılan danışıqların gizli qaldıqlarını düşünürlər. İstifadəçilər başa düşməlidirlər ki, onların danışıqları yazılır və istənilən zaman ortaya çıxa bilər. Qeyd etmək lazımdır ki, bu, Clubhouse ilə bağlı yeganə problem deyil. Belə ki, sosial şəbəkənin son zamanlarda məşhurlaşması fonunda ona daxil olmaq üçün nəzərdə tutumuş dəvətnamələri pul ilə satan dələduzlar ortaya çıxıblar. Belə hallarda əsasən həmin şəxslər ödənişi əldə etdikdən sonra dəvətnamələri sadəcə olaraq göndərmirlər.