DÜNYA

23 Fevral

İngiltərədə karantinin ləğvi dörd mərhələli plan əsasında həyata keçiriləcək

Britaniyanın Baş naziri Boris Conson dörd mərhələli planını açıqlayaraq İngiltərənin karantindən çıxması ilə bağlı məlumat verib.

Bunun üçün ilk addım olaraq İngiltərədə 8 martda məktəblər yenidən açılacaq və iki nəfərin çöldə bir-birilə görüşməsinə icazə veriləcək. 29 martda isə 6 nəfərə qədər insanlar bir araya gələ biləcək.

Baş nazirin planının ikinci addımında isə 12 apreldə qeyri-zəruri mağazaların, idman zallarının və bərbərxanaların açılacağı nəzərdə tutulur. Üçüncü addımın tətbiqi zamanı - 17 maydan etibarən, demək olar ki, bir çox sosial əlaqəni məhdudlaşdıran qaydalar aradan qaldırılacaq.

Boris Conson bildirib ki, sonuncu mərhələ olaraq 21 iyunda sosial təmasla bağlı bütün qaydaların ləğv olunacağı gözlənilir. O qeyd edib ki, buna baxmayaraq, əgər yoluxma sayında ciddi artım olarsa, bu, təxirə salına bilər.

Qeyd edək ki, Şotlandiya, Uels və Şimali İrlandiya öz yerli qanunvericiliyinə tabedir.