ABŞ-ın Denver şəhərində yaşanan hadisədən sonra “Boeing” şirkəti “Pratt Whitney PW4000-112” mühərriki ilə təchiz olunan “777” təyyarələrinin istismarının dayandırılmasını tövsiyə edib.
Bu barədə şirkətin rəsmi səhifəsində deyilir.
“Boeing” hazırda NTSB (Milli Nəqliyyat Təhlükəsizliyi Şurası – red.) tərəfindən aparılan istintaq bitənədək istismarda olan 69 və anbarlarda saxlanılan 59 təyyarənin istismarının dayandırılmasını tövsiyə edib.
Xatırladaq ki, ötən gün ABŞ-ın Denver şəhərindən (Kolorado ştatı) Honoluluya (Havay ştatı) uçan “United Airlines” aviaşirkətinin “Boeing 777” sərnişin təyyarəsi havaya qalxarkən sağ mühərrik alovlanıb. Bunun nəticəsində avialaynerin bəzi hissələri qopub düşüb. Buna baxmayaraq, pilotlar təyyarəni uğurla Denver aeroportuna endirib. Təyyarədə 241 nəfər olub. Mühərrikin sıradan çıxması və təyyarənin bəzi hissələrinin yerə düşməsi nəticəsində xəsarət alanlar haqqında xəbər verilmir.
Bazar günü FAA (Federal Aviasiya İdarəsi – red.) bir sıra “Boeing 777” təyyarəsinin yoxlanılması üçün təlimat verildiyini elan edib. Öz növbəsində, “United Airlines” təyyarə parkında olan 24 laynerinin uçuşlarını müvəqqəti dayandırıb.